Hər ayın sonunda psixoloji dəstəklə əlaqədar özümə edilən
müraciətləri təhlil edirəm. Cəmiyyətdəki sosial problemlərə uyğun olaraq müraciətlərin
məzmunu da dəyişir. Məsələn, imtahan ərəfəsidirsə imtahan stresi, dərs ilinin
başlanğıcıdırsa məktəb fobiyaları, öyrənmə çətinlikləri, havalar boz keçirsə
depressiv əhval-ruhiyyə məzmunlu müraciətlərin, psixoloji dəstək almaq istəyən
şəxslərin sayı çoxalır. Bu dəfə isə diqqətimi çəkən başqa məqam oldu. Demə ki,
cəmiyyətdə dəyişən sosial hadisələrdən, problemlərdən asılı olmayaraq uşaqların
psixoloji cinsinin (gender identiklyi) müəyyən edilməsi, bu mövzuda
çaşqınlıqların aradan qaldırılması ilə əlaqədar psixoloji dəstək almaq istəyən sabit
əmsallı kütlə var. Yəni, cəmiyyətdə nə baş verməsindən, hansı problem
yaşanmasından, hansı fəsil olmasından asılı olmayaraq bu problemlə əlaqədar müracət
edənlərin sayında nisbət dəyişikliyi müşahidə edilmir.
Səbəb?
Böyük ehtimal ki, cəmiyyətdə qadın və kişi
rollarının yaxınlaşması, qadının cəmiyyətdə
rolunun inkişafı uşaqlara da təsirsiz ötüşməyib. Artıq qadınların sosial
həyatı ailə qayğılarını çəkmək, “qadın layiq” fəaliyyət sahələrində çalışmaqla
məhdudlaşmır. Qadınların da kişilər kimi sosial həyatı genişlənib, liderlik
bacarıqları artıb. Yiyələndikləri ixtisasların siyahısı daha müəlliməlik, həkimliklə
bitmir, müxtəlif sahələrdə menecmentə qədər dəyişir. Bütün bunlar isə ailə
qayğılarının qadınlar və kişilər arasındakı bögüsündə də fərqliliyə gətirib
çıxarıb. Həyat yoldaşının işdən onunla eyni və ya daha gec saatda qayıtdığını
bilən kişi də tədricən ailə həyatında “kişi işi” sayılmayan işləri öz üzərinə
götürdü. Bütün bunlar isə əlbəttə ki, yaşlıları müşahidə edən uşaqların
oyunlarına əks olunur. Oyunda sürücü, polis olan balaca qızlara, gəlinciklərini
yedirib, altını dəyişən balaca oğlanlara hamımız tez-tez rast gəlirik. Belə
halı aşkarlayan valideyn narahat olur, mütəxəssisə müraciət edir.
Bəs
nə etməli? Bu doğurdanmı bir təhlükədir?
Əvvəla, uşaqların müşahidə etdikləri, şahidi
olduqları hər bir hadisəni oyunlarına daxil edərək oynamaları çox təbii hadisədir.
Əlbəttə, uşağın psixoloji cinsi ilə əlaqdar çaşqınlığın olması, ümumiyyətlə bu
sahədə probleminin olması həm valideyn, həm də uşağın özü üçün stress mənbəyidir.
Valideyn bilmək istəyir ki, həqiqətənmi övladım gender identiklik pozuntusundan
əziyyət çəkir? Yoxsa bu normal haldır? Onun gələcəkdə özünü hansı cins olaraq
hiss edəcəyi, cinsi meylliliyi, homoseksual və ya heteroseksual olacağı ilə əlaqədar
suallar axını beynini məşğul edir, cavablamaqda da aciz qalır.
Beyninizəki suallara aydınlıq gətirməyə çalışacağam. Gəlin, patologiyaya aydınlıq gətirməzdən
öncə gender identikliyi (psixoloji cins, cins eyniləşdirməsi) nədir, onunla
gender davranışı arasındakı fərq nədir sualının cavabını tapmağa çalışaq. Bəzən
bu iki anlayış arasındakı sərhədi tapa bilməmək müəyyən çaşqınlığa səbəb olur.
Gender davranışı uşağın cinsə uyğun davranışlardır.
Məsələn, qız uşağının üzünü təraş etməyə cəhd etməsi, oğlan uşağının makiyaj
istifadə etməsi əks cinsə uyğun olan davranışlarıdır. Gender identikliyi isə
onun özünü qız və ya oğlan kimi hiss etməsi, özünü hansı cinslə eyniləşdirməsidir.
“Psixoloji
cins nə zaman bilinir” deyə düşünürsüz. Təhlükənin olub olmadığını bilmək üçün
bu sualın da cavabıni nəzərdən keçirək.
Bioloji cins artıq ana bətnindən məlum olsa da,
psixoloji cinsi təyin etmək üçün zamana ehtiyac var. 3 yaşını tamamlamamış uşaq
“mən oğlanam” və ya “qızam” deyirsə bu yalnız qeyri-ixtiyari şəkildə deyilmiş
cümlələrdir. 3 yaşından əvvəl uşağın psixoloji cinsi mövcud olmur, buna görə də
özünü qız və ya oğlan olaraq hiss etməsi mümkün deyil. Hər hansı cinsə uyğun
davransa da, özünü həmin cinsdən hiss edə bilməz.
3 yaşdan etibarən uşaq cinsi fərqliliyini yəni, özü
ilə qarşı cins arasında bir fərq olduğunu anlayır və psixoloji cins də bunun əsasında
inkişaf etməyə başlayır. Bu dövrdə artıq cinsə uyğun davranışlar da ayırd edilə
bilir.
3 yaş öncəsi uşaqlar rəngarəngliyə meylli olurlar.
Bu yaşda oğlanların makiyaj dəstinə, gəlinciklərə olan meylləri psixikanın strukturu
baxımından çox normaldır. 3 yaş sonrası isə psixoloji cinsinin fərqinə vardıqca
model olaraq gördükləri cinsin davranışlarını mənimsəyirlər. Zaman keçdikcə uşağın
seçdiyi oyunlar və oyuncaqlar cinsinə uyğunlaşır. Demək, uşağın müşahidə etdiyi
hadisələri öz oyununa daxil etməsi, xüsusən də bu 3 yaşdan öncədirsə əsk cinsə
aid hadisələri də oynaması normal haldır.
Bütün
bunlar normaldırsa bəs psixoloji cinslə əlaqədar çaşqınlıq nədir, o necə yaranır?
3 yaşdan sonrakı mühüm bir mərhələdə bəzi nüanslar
nəticəsində uşaqlarda gender rolları, identikliyi ilə əlaqədar çaşqınlıq yarana
bilər. Bu çaşqınlığa səbəb olan risk amillərinə aiddir:
- Ailə övladını qarşı cins olaraq dəyərləndirir, uşaqda buna uyğun davranışlar formalaşdırır;
- Uşaq öz cinsinə uyğun model tapa bilmir və ya model kimi qəbul etdiyi şəxs öz cinsinə uyğun davranmır;
- Ailədə avtoritet, hakimiyyət qarşı cinsdən olan şəxsə məxsusdur;
- Uşaq anaya ifrat şəkildə bağlıdır.
Belə bir dövrdə qız kimi geyindirilən, ata ilə əlaqəsi
zəif olan, kişiyə xas hərəkətlər etdikdə dəcəllikdə ittiham olunan oğlan uşağı
təsəvvür edin. Bu uşaqda cinsi ilə əlaqədar bir çaşqınlıq yaranmazmı?
Bəs
davranış gender identikliyinə (psixoloji
cinsə) keçirmi?
Yəqin ki, yuxarıda davranış və identiklik arasında olan
fərqlə əlaqədar qeydim gözünüzdən qaçmayıb. Baxın, uşaqda cinsi davranışı ilə əlaqədar
çaşqınlıq yaranarsa, qarşı cinsin davranışlarını təkrarlayarsa zaman keçdikcə
bu onun psixoloji cinsində, psixoloji cinsi ilə əlaqədar təsəvvürlərində bir
çaşqınlıq yarada bilər. Bir insan başqalarına qarşı mütəmadi olaraq kobud şəkildə
davranırsa zaman keçdikcə özünü kobud insan olaraq hiss etməsi normaldır. Eləcə
də yardımsevərliyi bir davranışa çevirən şəxs özünü xeyirxah biri olaraq hiss
edir. Bu səbəbdən də qarşı cinsin davranışlarını vərdişə çevirən bir uşağın özünü
qarşı cins olaraq hiss etməyə başlaması qaçılmazdır.
Vəziyyət
çox ciddidir?
Uşağının cinsinin formalaşması mərhələli prosesdir. Əlbəttə ki, oğlan uşağı öz-özlüyündə gəlinciklə oynayırsa bu narahatlıq üçün əsas deyil. Əgər ki,
- Uşaq təkrar-təkrar özünün qarşı cins olmaq istəyini ifadə edir və ya qarşı cins olduğunu israrlı şəkildə bildirirsə;
- Qarşı cinsə aid geyimlər seçirsə; güçlü şəkildə qarşı cinsin oyunlarını və rollarını mənimsəyir və ya qarşı cinsin üzvü olduğuna aid bitmək bilməyən xəyallar qurursa;
- Qarşı cinsin streotipik oyunlarına qatıla bilmək üçün güclü istəyi varsa;
- Oyun oynadıqda tərəfdaşlarını və dostlarını israrla qarşı cinsdən seçirsə vəziyyəti patoloji olaraq dəyərləndirmək üçün kifayət qədər əsas var.
Hormonlar yoxsa psixoloji amillər Gender
İdentikliyi Pozuntusunun yaranmasına səbəb olur? Bətndaxili inkişafda beynin
formalaşması mərhələsində hormonlarda olan dəyişikliklər Gender İdentikliyi
Pozuntusu üçün əsas ola bilər. Hesab edin ki, hormonlar ilkin təbii şərt,
psixoloji amillər isə hərəkətverici qüvvədir.
Bəs
müraciət etdiyiniz psixoloq bu halda nə edəcəkdir?
Bu istiqamətdə fikirlər ikiyə haçalanır. 1973-cü
ildə Amerika Psixiatrlar Birliyi homoseksuallığı DSM-3-dən çıxararaq bir xəstəlik
hesab etmədiyini bildirdi. Gender İdentiklik Pozuntusunun da bir xəstəlik hesab
edilib edilməməsi elm müstəvisində artıq müzakirə mövzusuna çevrilib. Gender İdentiklik Pozuntusunun xəstəlik
olmadığını hesab edənlərin əsas arqumenti odur ki, bu uşaqların yeniyetməlikdə
öz cinsinə seksual meylləri olacaq, homoseksuallıq isə xəstəlik hesab edilmir. Həmçinin,
bu yanaşmanın tərəfdarları hesab edirlər ki, onlar öz hiss etdikləri cinslərini
sevirlər və rahatdırlar, onlara narahatlıq yaradan isə cəmiyyət olduğu üçün dəyişən
də cəmiyyət olmalıdır. Əks mövqedə olanlar isə razılaşmır. Arqumentləri odur
ki, ayrılıq təşvişli uşaq da ana yanında olarkən, yəni mühit onun istədiyi kimi
olarkən özünü yaxşı hiss edir, bu məntiqlə ayrıqlıq təşvişi də pozuntu hesab
edilməməlidir. Əlavə olaraq onu da qeyd edirlər ki, məhz yad bədənə aid ruh
daşıdıqları üçün bu şəxslər xəstə hesab olunmalıdır. Məsələnin dolaşıqlığı
Gender İdentikliyi Pozuntusunun müalicəsinə də təsirsiz ötüşməyib.
Birincilər yəni, LGBT (lesbian, gey, bisexual,
transsexual) meylli cəmiyyətlərdən olan mütəxəssislər hesab edirlər ki, bu
uşaqlara yeniyetməlik dönəminə qədər heç bir müdaxilə olunmamalı, psixoloji
cinslərinin dəyişdirilməsi istiqamətində heç bir psixoloji iş aparılmamalı,
yeniyetməlik mərhələsinə qədər oyun terapiyası vasitəsilə uşaq müşahidə edilməlidir.Yalnız
hormonal inkişafının zirvəsinə, yəni yeniyetməlik dövrünə qədər oyun
terapiyaları vasitəsilə müşahidə olunmalıdırlar, hormonların diktəsindən sonra
necə davranmağa qərar vermək olar. Əks cəbhədən olan mütəxəssislər isə, uşağın
bioloji cinsinə uyğunlaşdırılması istiqamətində risk amillərini aradan
qaldırmaqla davranışçı, oyun və ailə terapiyaların aparılmasını tövsiyə edirlər.
Həlli
varmı?
Psixoloq uşaqda mühit şərtlərinin təsiri nəticəsində
psixoloji cinsi ilə əlaqədar çaşqınlıqmı yaranıb, yoxsa uşaq hər hansı
zorakılıq qurbanı olduğu üçün belə davranır, və ya bu davranışlar ailədaxili
problemlərə qarşı bir etirazdırmı suallarının cavabını ailə, oyun, davranışçı
terapiyaların tətbiqi vasitəsilə aşkarlamağa və risk faktorlarını önləməyə
çalışacaq.
Lakin uşaq həqiqətən də qarşı cinsə aid xüsusiyyətlərə malikdirsə psixoloji
iş bir məqamdan sonra ailəyə situasiyanı qəbullanmaq istiqamətində dəstək
olmağa istiqamətlənəcək. Bu istiqamətli iş uşağın daha az zərər çəkməsinə səbəb
ola bilər. Bu halda uşağa qarşı zor tətbiqi, onu bu davranışdan çəkindirmək
üçün hər hansı məcburiyyətlərin yaradılması xoşagəlməz nəticələr verə bilər. Məsələnin
kökünü aşkarlamaq üçün məcburiyyətə deyil, anlamağa üstünlük verməyiniz tövsiyə
edilir.

Comments
Post a Comment